Ermənistanın cəbhə xəttində son təxribatları və bunun ardınca böhtan və hədələrlə dolu bəyanatları i



Ermənistanın cəbhə xəttində son təxribatları və bunun ardınca böhtan və hədələrlə dolu bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyinin açıqlaması

 

25/01/2014

 

Son günlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı təxribat əməllərinin törədilməsi və atəşkəs rejiminin intensiv şəkildə pozulması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kapitan Elnur Cəfərov snayper atəşi ilə qətlə yetirilmiş, bir nəfər mülki şəxs yaralanmış, dərs saatlarında orta məktəb binası atəşə tutulmuş və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan mülki əhalinin evləri və şəxsi təsərrüfatları kütləvi atəşə məruz qalmışdır.    

 

Təxribat xarakterli əməllərini davam etdirərək və hədələrlə dolu bəyanatlarla çıxış edərək, məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən Ermənistanın indi “etimad quruculuğu tədbirlərindən və “sülh”-dən danışması yalnız beynəlxalq ictimaiyyəti və Ermənistan cəmiyyətini cəbhə xəttində baş verən hadisələr barəsində aldatmaq və hadisələrin həqiqi mahiyyətindən yayınmaq məqsədi daşıyır.

 

Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Azərbaycan Respublikasının ərazisini işğal edən və Azərbaycana qarşı təcavüz siyasəti yürüdən dövlət kimi, bilavasitə Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi əsas gərginlik mənbəyi olaraq, münaqişənin sülh yolu ilə həllinə  və regionda sülhün bərqərar olmasına başlıca maneədir.

 

Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Bu beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu regionda sülh və sabitliyin bərqərar olunması üçün ən qısa və səmərəli yoldur.  

 

 

 



© Copyright EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN - Site Design & Developed By Power-solution.Org® , All Rights Reserved©