Xocalı faciəsinin 22-ci ildönümü



Azərbaycanın Misirdəki səfirliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil etmişdir. Mərasimdə Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin tələbələri, müəllim-professor heyəti, o cümlədən Misirdə təhsil alan və yaşayan azərbaycanlılar iştirak etmişlər.
Səfir Şahin Abdullayev mərasimdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı faciəsi haqqında danışmış, Azərbaycana qarşı törədilmiş soyqırımı zamanı erməni silahlı qüvvələri tərəfindən çoxlu sayda insanın öldürüldüyünü, yaralandığını diqqətə çatdırmışdır. Səfir Ermənistan hökumətinin cəhdlərinə baxmayaraq, bir çox ölkələrin Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımını pisləyən bəyanatlar qəbul etdiyini söyləmişdir. Diplomat 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və apardığı müharibə nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini vurğulamış, bunun nəticəsi olaraq bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır.
Mərasimdə Qahirə Universitetinin tələbələri çıxış etmiş, Xocalı faciəsi, Dağlıq Qarabağ problemi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.



© Copyright EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN - Site Design & Developed By Power-solution.Org® , All Rights Reserved©